"Leyla Medical Center"də orqan donorluğu və transplantasiya mövzusunda geniş maarifləndirici tədbir keçirilib. Tədbirdə klinikanın həkimləri, tibb işçiləri və səhiyyə sahəsinin nümayəndələri iştirak ediblər. "Leyla Medical Center"in tibbi direktoru Sevda Cəfərova çıxışında qeyd edib ki, orqan donorluğu insan həyatını xilas etməyin ən ali yollarından biridir. Onun sözlərinə görə, bu təşəbbüs təkcə tibbi
deyil, həm də etik və mənəvi məsuliyyət daşıyır, insanlıq və mərhəmət dəyərlərini təcəssüm etdirir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin idarə Heyətinin sədr müavini Günay Abbasova çıxışında orqan donorluğu ilə bağlı hüquqi və tibbi əsaslardan, xüsusilə də bu prosesin düzgün aparılması üçün vacib olan meyarlardan danışıb. O, qeyd edib ki, 2018-ci il yanvarın 31-də Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası" sənədi təsdiqlənib və bu, orqan donorluğu sahəsində mühüm hüquqi addım kimi qiymətləndirilir. Günay Abbasova vurğulayıb ki, beyin ölümü diaqnozu yalnız müvafiq ixtisaslı və təcrübəli həkimlərdən ibarət konsilium tərəfindən təsdiqlənir. Bu isə həm donorlug prosesində şəffaflığın, həm də ictimai etimadın təmin olunmasına xidmət edir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva "Mən nə üçün donor olmaq istəyirem" mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda canlı donordan orqan transplantasiyası sahəsində ilk olmaqla yanaşı, həyata keçirilən əməliyyatların sayına görə də lider mövqedədir. Mehriban Əliyeva həmçinin xatırladıb ki, 2025-ci ilin fevral ayında ölkəmizde ilk dəfə meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi Azərbaycan səhiyyəsi üçün tarixi nailiyyət olub.
Tədbirin sonunda "Leyla Medical Center"in həkim və tibb işçiləri ölümündən sonra orqan donoru olmağa dair Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizəsini imzalayıblar.